Azərbaycanda görməli olduğunuz 10 ŞƏLALƏ

Şəlalələr təbiətin ən gözəl və ilham verən möcüzələrindən biridir. Yuxarıdan tökülən fasiləsiz su axınını seyr etmək o qədər zövqvericidir ki, insan təbiətə vurğunluğunu göstərməyə bilməz. Əgər Siz də təbiətin gözəlliklərinə vurğun olanlardansınızsa, rahatladıcı, zövqverici şəlalə səsini duymanıza nə mane ola bilər?
Bu istirahət mövsümündə Sizin üçün gözəl bir araşdırma apardıq. Beləliklə Azərbaycanın ən gözəl 10 şəlaləsini təqdim edirik. Təbiətin gözəlliyinə heyran qalmağa hazırsınızsa, indi yola çıxmağın vaxtıdır!
Səyahətçilər, turistlər çoxdur, amma hər biri dünyaya fərqli pəncərələrdən baxır. Bəziləri böyük şəhərlərə səyahət etməkdən, bəziləri dəniz kənarındakı 5 ulduzlu otellerdə, hovuzlarda dincəlməkdən, bir başqaları isə mədəni gəzintilərdən zövq alır, bəzi insanlar isə hər zaman təbiətlə təmasda olmağın ləzzətini axtarırlar. Təbiətdən ilham alan səyyahların ən sevimli dayanacaqları arasında mütləq olan şəlalələrdir.
Şəlalənin axışını uzun uzadı seyr etmək hətta terapevtik əhəmiyyət daşıyır, insanı müalicə edir. Möhtəşəm şəlalələrə baxarkən ovsunlanmaq, şəlalənin bitdiyi suya girmək, açıqcalardakı kimi gözəl şəkillər çəkmək, dəyərli və unudulmaz bir günü təbiətlə təmasda keçirmək, bunan gözəl nə ola bilər?!
Bu yazını oxuyanda belə zövq alacağınıza əminik. Getdiyiniz yerlərin təbii gözəlliklərini görmək istəyirsinizsə, əmin olun, bu məqalə Sizin üçündür.

Azərbaycandakı digər ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvəliçay üzərində yerləşən məşhur Afurca şəlaləsidir. Bu şəlalə dövlət tərəfindən mühafizə olunur. Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. Təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 75 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir. Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Dağdan tökülən ağappaq şəlalənin gözəlliyinə tamaşa etmək və onun ətrafında dincəlmək üçün meşədən keçən 200 metr yolu qət etmək lazımdır. Şimal bölgəsinin ən məşhur şəlaləsi olan Afurca Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Hər gün təbiətin bu gözəlliyinə tamaşa etmək üçün çox sayda yerli və xarici turistlər gəlir.



Daha bir möhtəşəm təbiət abidəsi Ləzə şəlaləsi Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.
Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir



Qalacıq şəlaləsi. Adından da göründüyü kimi bu şəlalə İsmayıllı rayonunun məhşur Qalacıq kəndində - dağlar qoynunda qala quran Qalacıqda yerləşir. Bu şəlaləyə gedən zaman kəndin digər gözəliklərinə də tamaşa etmək fürsətiniz olacaq. İsmayıllı rayonun 28 km şimal-qərb istiqamətində sonuncu yaşayış məntəqəsi olan Qalacıq gözəl təbiətə malik olmaqla sıra dağların ətəyində yerləşir. Kəndin hər iki tərəfindən uçqun və yarğanların arasında güclü dağ çayı axır. Burada göz oxşayan şəlalə ilə yanaşı, çoxlu sayda sərin bulaqlar və tarixi baxımdan görməli yerlər vardır.



İndi isə bir neçə dağ çayının qovuşduğu məkana – Çayqovuşana gedirik. 30 metr yüksəklikdən tökülən Çayqovuşan şəlaləsi İsmayıllı rayonunun Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin yaxınlığında yerləşir. Şəlalə birbaşa çaya tökülən kiçik və yüksəklikdə yerləşən nisbətən böyük olmaqla iki hissədən ibarətdir.
Şəlalənin yatağındakı daşlar elə bil ki, adamla danışır, tarixin izlərini anladır. Meşənin özünəməxsus sakitliyi şəlalənin əzəmətini daha da artırır. Şəlalənin yaxınlığında adətən bələdçilər dayanır. Onlar əraziyə gələn turistləri atla, yaxud da piyada şəlaləyə aparırlar.Olduqca gözəl təbiətə malik İsmayıllı rayonu ərazisində şəlalər çoxdur. Hündürlüğü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündürükdən axan İstisu və Mədrəsə şəlalələrini misal göstərmək olar. Unikal Pirbənövşə şəlaləsi də bu rayondadır. Bu şəlalənin suyu göz oxşayan təbii lövhələr yaradıb. Belə təbiət möcüzələrindən biri də suyun təsiri ilə qayadan yonulub minarə forması almış Mədrəsə şəlaləsidir. Bu şəlalə İsmayııl rayonunu Xankəndi kəndində yerləşir



Katex Şəlaləsi — Balakən rayonu ərazisində yerləşir. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs edər.



Qəbələ Yeddi Gözəl şəlaləsi də təbiətə yaraşıq verən mənzərədir. Yeddi gözəl şəlaləsi Qəbələ rayonunun ərazisində yerləşir. Burada yeddi şəlalə olmasa da yeddi pilləkən var və bu pilləkənlərlə dağa çıxmaq olar. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur.
Vəndam qəsəbəsinə çatdıqdan sonra "Yeddi gözəl" şəlaləsinə dörd kilometr yol getmək lazım gəlir. Bu da onunla əlaqədardır ki, "Yeddi gözəl" şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Şəlaləyə baxmağa hər il on minlərlə turist gəlir.



Qax rayonundakı İlisu şəlaləsi isə tamam başaq bir aləmdir. Ona çatmaq üçün ən azı 40 dəqiqəlik yolu piyada qət etməlisən. Şəlalənin hündürlüyü təxminən 25 metrdir.



İndi isə gözəl məmləkətimizin cənubuna gedək – Yardımlı şəlaləsi. Bu şəlalə Dağlıq Talışda, Viləşçayın hövzəsində, Yardımlı rayon mərkəzinin yaxınlığında yerləşir. Şəlalə Masallı-Yardımlı yolunun 25-ci kilometrində yerləşir. 34 metr yüksəklikdən tökülən şəlalə iki mərtəbədən ibarətdir.
Şəlalə zirvəsi dəniz səviyəsindən 1500 metr yüksəklikdə yerləşdiyi üçün buradan gözətçi məntəqəsi kimi də istifadə edilib. Keçmişdə meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün şəlalə yerləşən ərazini "tək dam" deyə çağırıblar.



Yardımlıya kimi gəlmisinizsə, Astaranın Sim kəndində olmadan geri qayıtmayın! Kənddə yerləşən şəlalələr insanı valeh edir. Bu əsrarəngiz kənddə dörd şəlalə var, hər biri də bir-birindən gözəl.



Bu dəfəlik bu qədər. Yazımızda şəlalələrimiz haqqında bildiklərimizin bəzilərini Sizə çatdırmağa çalışdıq. Amma yaxşı deyiblər ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır.

Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram