Sıra dağlar qoynunda yerləşən “QƏBƏLƏ”



Respublikanın ən yüksək dağ zirvəsi olan Bazardüzü (4466 metr), ən hündür dağ gölü olan Tufangöl (4191 metr), ən hündür şəlaləsi olan Mucux şəlaləsi (96 metr) Qəbələdə yerləşir.

/home/getfile/22304

Qəbələ

Ulularımızın bizə yadigar qoyub getdiyi əvəzsiz inci


600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ Böyük Qafqaz dağlarının cənub ətəyində Azərbaycanın paytaxtı Bakıdan 250 km məsafədə yerləşir. Nadir təbii iqlim şəraiti, mineral bulaqları ilə seçilən Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. İqlimi - Bölgənin iqlimi aşağı hissələrdə qışı quraq keçən mülayim isti, yüksək dağlıqda isə soyuq və rütubətli, illik yağıntı cənubda 500-600, şimaldakı yüksək dağlıqda isə 1600 millimetrədək olur. Bu amillər rayonda yay və qış turizminin inkişafına əlverişli imkanlar açır.
  • Çayları - (Dəmiraparançay, Türyançay və onların qolları Tikanlıçay, Bum çay, Vəndam çay və s.)
  • Şəlalələri - ( Mucux şəlaləsi, Yeddi gözəl şəlaləsi və s.)
  • Meşə örtüyü - ( rayonda 60 min ha sahə meşə ilə örtülüdür və meşələr əsasən fıstıq, palıd, vələs, ardıc və s. ağaclarından ibarətdir )
/home/getfile/22304
Qədim Qəbələ
Hər daşı, hər ağacı, hər qayası canlı bir tarix

Qəbələnin hər daşı, hər ağacı, hər qayası canlı bir tarix, ulularımızın bizə yadigar qoyub getdiyi əvəzsiz incilərdir. Qəbələdə günümüzə qədər gəlib çatmış 90-dan çox ölkə əhəmiyyətli tarixi, etnoqrafik və mədəni abidələr vardır. Bu abidələrin bir çoxu nəinki Qəbələ şəhərində, həmçinin ətraf rayon və kəndlərdə yerləşir. Qəbələnin mühüm tarixi abidələri siyahısına 18-ci əsrə aid olan Cümə məscidi, 1-ci minilliyə aid Böyük Əmirli kəndində daş kurqan, Kilsə dağındakı 4-cü əsrə aid olan alban məscidi, Həzrə kəndində türbələr, Yengicə kəndinin cənubunda Qızlar qalası (15-ci əsr), Surxay Qalası (10-12-ci əsrlər) və digər bir çox mühim abidələr vardır.

/home/getfile/22304

Müasir Qəbələ

Azərbaycanın əsas turizm məkanlarından biri


Qədim Qəbələnin maddi-mədəniyyət nümunələri ilə yanaşı, müasir Qəbələ şəhəri də turistlərin böyük marağına səbəb olur.
Asfalt yolları və küçələri, möhtəşəm binaları, beynəlxalq aeroportu, dünya səviyyəli konqres salonu, beşulduzlu otelləri, yaraşıqlı parkları, idman meydançaları, istirahət mərkəzləri olan modern şəhərdir. Arxitekturası gündən-günə dəyişən və gözəlləşən müasir Qəbələ Azərbaycanın əsas turizm məkanlarından biri sayılır.


/home/getfile/22304


Qəbələ Sizə deyir "Gə belə"



Təbii iqlim şəraiti, füsünkar təbiəti ilə seçilən rayon həm yay, həm də qış turizmin inkişafı üçün yeni perspektivlər açır.
Beşulduzlu otellərin, yüksək səviyyəli brend restoranların fəaliyyətə başladığı Qəbələdə qonaqların və turistlərin istirahəti üçün müasir standartlara uyğun hər bir şərait yaradılıb.
Azərbaycanda açıq səma altında ən böyük park atraksionu olan "Gabaland" uşaqlı ailələrin ən sevimli məkanıdır. Burda ekstremal idman növləri atraksionları, buz arenası, kartinq, idman meydançaları, XD teatrı, ləzzətli yeməklər, restoran və kafelər xüsusi ilə diqqət çəkir.
Rayonda turistlərin diqqətini çəkən daha bir böyük məkan "Tufandağ" qış turizm mərkəzidir. Burda idmanın qış növləri üzrə - kanatla gəzintilər, xizək sürmə, restoran, kafe, otel turları, həm böyüklər, həm də uşaqlar üçün ekskursiya və əyləncə xidmətləri təklif olunur.



/home/getfile/22304


Qəbələnin görməli olduğunuz yerləri


Məşhur “Şabalıd meşəsi”, mənzərəli Vəndam, Qəmərvan, Yengicə, Nohurqışlaq, Bum, Həmzəli, Durca, Bunut, Nic kəndləri turistlərin ən çox səfər etdikləri məkanlardandır. Həmçinin rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay və digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir.

/home/getfile/22304


Əzəmətli Qafqaz Dağları, təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü


Əzəmətli Qafqaz Dağları, təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü Qəbələnin ən görməli yerlərindəndir.
Nohur gölü — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. Öz gözəlliyi ilə görənləri heyran edən Nohur göldə, sakit atmosfer və quşların səsi, şəhər səs-küyündən istirahət etmək üçün ideal mühit yaradır. Göldə insanların çimməsinə icazə verilməsə də (göl həm də su rezervuarl kimi fəaliyyət göstərir və Qəbələ və ətraf rayonların içməl su ehtiyatını təmin edir) balıq tutmaq üçün ideal məkandır. Burada həmçinin kiçik qayıqlarla və katamaranlarla gəzməklə ətraf mənzərədən zövq almaq olar.


/home/getfile/22304

Tufangöl

Uzunluğu 160 metr, eni 125 metr, dərinliyi isə 5 metrdən çoxdur


Tufangöl dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir.
Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Tufan dağ, ,,Tufan çay ” və ,,Tufan göl” adları çox güman ki, qeyd olunan coğrafi ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır. Dağlarla əhatə olunmuş bu göl qar və buzlaq suları ilə qidalandığından suyu şirindir.

/home/getfile/22304

Azərbaycanın ən hündür zirvəsi - BAZARDÜZÜ

4466 metr


Bazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən yüksək nöqtəsi, yüksəkliyi 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə yerləşir. Zirvə daimi buzlaq sahədir. Bu zirvədən Qızılqaya, Şahdağ, Tufandağ, Bazaryurd, Olimp zirvələri, Dağıstanın Kuruş kəndi və Şalbuzdağ dağına qədər uzanan geniş mənzərəni görmək mümkün olur.

/home/getfile/22304

Duruca Kəndİ

Yayda yun yorğanda yatılan kənd


Qəbələnin təmiz havası və xüsusi, cəlbedici təbiəti ilə tanınan Duruca Kəndi. Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir. Kənddə eyni adlı çay axır. Burada 3 təpə dağını, bir çox yaylaqları gəzə, sərin bulaqlarından su içə bilərsiniz. Kəndin təbiəti olduqca zəngindir. İsti yay günlərində elə ki, axşam düşdü pencəksiz və ya qalın paltarsız burada oturmaq müşküldü. Gecəni isə yun yorğanla yatmağın ayrı ləzzəti var. Səhər süfrəsinin balını, yağını, pendirini, çörəyini heç şəhərin ən ləzzətli kababına da dəyişmək olmaz.

/home/getfile/22304

Qəbələnin mətbəxi

Daşarası kabab



Qəbələ özünəməxsus, dadlı-tamlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır.

/home/getfile/22304

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi


1980-ci il mayın 15-də yaradılmış Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində şəhərin 2500 illik tarixini əks etdirən tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.
Muzeydə 13 ekspozisiya zalı, muzey fondu, rəsm qalereyası, elmi kitabxana, habelə açıq məkanda fəaliyyət göstərən qədim daş eksponatlardan ibarət sərgi var. Burada eramızdan əvvəl II-I əsrlərə aid küp qəbirlərin nümunələri mövcuddur. Arxeoloji, etnoqrafik və numizmatika materialları, xalq yaradıcılığı nümunələri, qədim əlyazma və kitablar xüsusilə diqqəti cəlb edir.


/home/getfile/22304

Bum kəndi

Tarixi abidələrin qorunub saxlanıldığı kənd


Rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir.
Bum kəndində 1882-ci ildə tikilmiş qədim Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb.


/home/getfile/22304

Vəndam kəndi

7 gözəl şəlaləsi bu kəndin ərazisindədir


Respublikada ən böyük kəndlərdən biri olan Vəndam kəndi rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Burada çoxlu meyvə, xüsusilə alma bağları var.
Turistlərin marağını çəkən bu kəndin cazibədar yerləri çoxdur. Elə rayondakı əksər turizm obyektləri də burada fəaliyyət göstərir. “Duyma” sağlamlıq və istirahət mərkəzi, “Semerana”, “7 gözəl pansionatı” və 7 gözəl şəlaləsi ilə məşhurdur. Kənddə xalça sexi, ağac üzərində oyma emalatxanası fəaliyyət göstərir.
Dağın ətəyində yerləşən “Duyma” istirahət zonasında at kirayələyib ətrafı gəzmək də mümkündü.


/home/getfile/22304

Yeddi gözəl şəlaləsi

Yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir


Qəbələnin ən məşhur turizm məkanlarından biri olan Yeddi gözəl şəlaləsi Vəndam kəndindən 6 kilometr aralıda və Puskan qəsəbəsi üzərində əsas trasın 3 kilometrliyində yerləşir.
Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir. Aşağıdan yalnız iki kiçik şəlalə görünür. Qalan beş şəlaləyə baxmaq üçün sərt pillələrlə yuxarı qalxmaq lazımdır ki, bu da müəyyən fiziki güc tələb edir. Lakin bu çətin yolu qət edənləri əsrarəngiz panorama gözləyir. Burada restoran və çayxana da var. Şəlalə günəş şüalarının sirayət etmədiyi qalın meşəlikdə yerləşdiyindən həmişə qaranlıq və sərin olur.


/home/getfile/22304

Mucuq şəlaləsi
At çaparaq gedə biləcəyiniz şəlalə

Laza kəndinin şimalında, Dəmiraparan çayının sol yamacında, terraslarda Mucuğun xarabalıqları yerləşir. Qədimdə bu kəndi nəhəng qayanın altında salıblar. Qayadan düşən daşlar kəndi xaraba qoyub. Kəndin ətraf yaşayış məntəqələri ilə əlaqəsi çətinləşib və insanlar bu yerləri tərk ediblər. Lazanın 7 kilometrliyində Mucuq kəndinin xarabalıqlarının şimal-şərq hissəsində böyük şəlalə var. Şəlaləyə çatmaq üçün at belində 1,5 saata qət edəcəyiniz yolu yerli bələdçilərin köməyilə getmək məsləhətdir, çünki təcrübəsiz adam üçün bu ərazidə at sürmək çətin olar.
Əvvəlcə sizin qarşınıza kiçik şəlalə çıxacaq və böyük şəlaləyə çatmaq üçün uzun məsafə qət etmək lazım gələcək. Nəhayət, üç saatlıq yoldan sonra rayon mərkəzinin 20 kilometrliyində Durça kəndindən yuxarıda və Qafqaz dağlarının ətəyində 54 metr yüksəklikdə olan sıldırım qayadan sürətlə tökülən Mucuq şəlaləsini görəcəksiniz. Bu gözəl mənzərənin qarşısında yolun bütün yorğunluğu unudulur. Şəlaləyə yaxınlaşmaq üçün kifayət qədər böyük məsafədə yol qət etməlisiniz. Böyük yük maşını ölçüsündə olan daşların üzərindən hoppanaraq irəliləmək lazım gələcək. Bu zaman şəlalə qayaların arxasında yox olur. Bundan sonra bir nəfərin çətinliklə sığacağı darısqal daş tuneldən sürünərək keçməlisiniz. Nəhayət, siz gurultusu qulaq batıran və sıçrantısı səyahətçini sərinlədərək ətrafa yayılan şəlalənin altındasınız.


/home/getfile/22304

“Qəbələnd” Əyləncə Mərkəzi



“Qəbələnd”, yaxud “Qafqaz Park” təkcə Qəbələdə deyil, həmçinin bütün bölgədə ən böyük əyləncə mərkəzidir. Ümumi ərazisi 16 hektar olan bu nəhəng attraksion parkı 40-dan çox əyləncə obyektindən – attraksionlar, karusellər, katamaranlı süni göllər, hovuz-su parkı, futbol, basketbol, voleybol meydançaları, kartinqdən ibarətdir.
Burada qayaya dırmananlar üçün kompleks, ekstremal idman növləri üçün tikililər, qapalı buz meydançası, 8 metr yüksəklikdən suya düşən qayıqlar və başqa əyləncə vasitələri ziyarətçilərin ixtiyarına verilir. Bu mərkəzə gündəlik minə yaxın insan gəlir, onun xidmətlərindən isə eyni vaxtda 800 nəfər istifadə edə bilər.


/home/getfile/22304

Mürəbbə festivalı

Ənənəvi mürəbbə növləri ilə yanaşı ekzotik çeşidlərin də yer aldığı festival



Avqust ayında Qəbələyə gələnlər qeyri-adi mürəbbə növlərinin dadına baxmaq üçün burada keçirilən Beynəlxalq Mürəbbə Festivalına baş çəkə bilərlər. Ötən il festivalda dünyanın 25 ölkəsindən və Azərbaycanın 45 şəhər və bölgəsindən 3500 növ mürəbbə təqdim olunub. Tədbirin münsiflər heyətinin tərkibinə kulinariya sahəsində adlı-sanlı beynəlxalq ekspertlər və müxtəlif ölkələrdən gəlmiş ən yaxşı aşpazlar daxildir. Onlar festivalın rəsmi hissəsində müxtəlif nominasiyalar üzrə ən yaxşı mürəbbə növlərini seçir və mükafatlandırırlar.
Çiyələk, ərik, gavalı, böyürtkən, heyva, gilənar və digər meyvələrdən hazırlanan ənənəvi mürəbbə növləri ilə yanaşı, burada ekzotik çeşidlər – kartof, xiyar, badımcan, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq tumu, rozmarin, çuğundur və başqa inqrediyentlərin istifadə olunduğu mürəbbələrə də rast gəlmək olar.


/home/getfile/22304

Qış və yay turizmini özündə birləşdirən Qəbələ



Qəbələnin özəlliklərini sadalamaqla qurtarmaz. Burada həm böyüklərin, həm də uşaqların istirahət etməsi, əylənməsi üçün hər cür şərait vardır.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading