Yeni ili qarşılaya biləcəyiniz 12 şəhər


Yeni ilə saylı günlər qalıb. Hər kəs bu əziz günü möhtəşəm bir atmosferdə əylənərək qarşılamaq istəyir. Əgər yeni ili fərqli bir ölkədə və fərqli bir mühitdə qarşılamağı planlaşdırırsınızsa, bu özəl günü ən gözəl qarşılayan şəhərlərlə bağlı təkliflərimizi Sizə təqdim edirik.


1. Moskva / Rusiya

Yeni il ərəfəsində lopa-lopa yağan qarın dadını çıxarmaq və Yeni ilə romantik duyğularla girmək istəyirsinizsə, Moskva tam sizlikdir. Ətrafı pambıq kimi örtən ağappaq qar, bərq vuran işıqlar ətrafa şəfəq saçır. Şəhərin göz oxşayan və tamamilə fərqli bir arxitekturasına gəldikdə, burada özünüzü nağıl dünyasında hiss edəcəksiniz. Burada əyləncənin zövqü olduqca yüksəkdir. İstəyinizdən aslı olaraq Yeni ili meydanda, yaxud qapalı məkanda keçirə bilərsiniz. Unutmayın ki, Moskvada bayramları qeyd etmək üçün insanların toplaşdığı möhtəşəm məkan – Qızıl Meydanıdır.


2. Berlin / Almaniya

Berlinin küçələri bayramdan əvvəl xüsusi bəzədilir və işıqlandırılır. Bura Yeni ili qarşılamaq üçün ən gözəl və cəlbedici yerlərdən biridir. Gecə klublarında başlayan bayram əyləncəsi səhərə qədər küçələrdə davam edir. Xüsusilə bəzədilmiş şam ağacları isə əsrarəngiz görünür.


3. Roma / İtaliya

Sevgi və sevənlərin şəhəri olan Roma, Yeni ili qarşılamaq üçün ideal şəhərlərdən biridir. Xüsusilə tarixi memarlıq strukturları, nostalji küçələri, kiçik meydanlari ilə könüllərdə taxt qurmağı bacaran Romada yeni ili qeyd etməyin zövqü başqadır. Gün ərzində kafe, restoranlarda yeyib içə və şəhərdə alış-veriş edə bilərsiniz. Yeni il gecəsini isə istəsəniz küçələrdə, istəsəniz əyləncə mərkəzlərində qeyd edə bilərsiniz. Unutmayın ki, Romalılar özləri yeni ili Sevgi Fəvvarəsində qeyd edirlər.​


4. Praqa / Çexiya

Yeni ili qarşılayarkən rəngarəng fişəng nümayişlərini izləyə biləcəyiniz Praqa turistlərini əyləndirməyi bacarır. Bura insanı sakitləşdirən və klassik musiqiləri ilə insan ruhunu oxşayan bir şəhərdir. Yeni ili xüsusi təşkil olunan bayram şənlikləri və əyləncə məkanları ilə Praqada qarşılaya bilərsiniz.


5. Belqrad / Serbiya

Bura Azərbaycanlıların maraq göstərdiyi bir şəhərdir. Serbiyanın paytaxtı olan Belqrad - bütün yorğunluğunuzu ata biləcəyiniz, bir-birindən gözəl əyləncə məkanlarının olduğu bir şəhərdir. Dadlı yeməkləri, zövqlü əyləncə məkanları ilə yeni ili qarşılaya biləcəyiniz Belqradda bayramın ilk günlərini qalıb istirahət edərək, fərqli bir mədəniyyəti tanımaq şansını əldə edə bilərsiniz. Həmçinin, Belqrad Avropada viza tələb etməyən şəhərlər sırasındadır.


6. Amsterdam / Hollandiya

Amsterdam gecə həyatı ilə məşhur olan bir şəhərdir. Yeni il gecələri isə əyləncə pik nöqtəyə çatır. Dünyanın ən azad şəhərlərindən biri olan Amsterdamda Yeni il gecəsi fişəng nümayişləri, rəqslər və konsertlər şəhəri al-əlvan rənglərə bürüyür. Burada gecə klubları, kafelər və barlar olduqca çoxdur. Yeni il gecəsini qeyd etmək üçün Leidseplein meydanı ən gözəl seçimdir.


7. London / İngiltərə

Yeni ili qarşılayaca biləcəyiniz məftunedici şəhərlərdən biri də Londondur. Bu şəhər tam əyləncə üçün yaradılıb. Yeni il ərəfəsində möhtəşəm işıq şəfəqləri, gurultulu səslər, xüsusilə gecə atəşfəşanlığı əyləncəni maksimum səviyyədə duymağa imkan verir. Dünyanın bir çox ölkəsindən gələn turistlər yeni ili qeyd etmək üçün burada toplanır.


8. Barselona / İspaniya

Barselona öz sənəti, azadlığı və əyləncəsi ilə məşhur olan bir şəhərdir. Buraya Yeni ili qarşılamaq üçün gələnlər möhtəşəm bir atmosferlə qarşılaşır. Zəngli saat 12: 00-ı göstərdiyi zaman və 12 dəfə zəng səsi gəldikdə, insanlar 12 üzüm dənəsi yeyirlər və bununlada yeni ildə uğur qazanacaqlarına inanırlar. Barselona klubları olduqca böyükdür və insanlar burada əsl əyləncəni duyurlar. İstəsəniz Plaça de Catalunya və Las Ramblas əyləncələrində də iştirak edə bilərsiniz. Çimərlik əyləncələrindən zövq alırsanızsa, çimərlik partilərinə qatılıb, yeni ili orada da qarşılaya bilərsiniz.


9. Paris / Fransa

Sevgi şəhəri olan Parisdə, Eyfel qülləsinin altında, yeni ili qarşılaya bilərsiniz. Yeni ildən 20 gün əvvəl burada bayram hazırlıqları başlayır. Şəhərin bəzədilib-süslənməsi yeni il üçün möhtəşəm, vizual görüntü yaradır. Meydanda toplananların birlikdə mahnı oxumaları, rəqs etmələri bayrama rəng qatır.


10. Şimali Kipr Türk Respublikası

Azərbaycanlıların çox rahatlıqla gedə biləcəyi Kipr təbiəti və əyləncə yerləri ilə sizin seçiminiz ola bilər. Yeni il bayramlarında Kiprə türk sənətçilərinin xüsusi axını başlayır ki, bu da sizə sevdiyiniz sənətçiləri yaxından görmək, konsertlərinə qatılmaq zövqünü yaşada bilər. Limitsiz əyləncəsi və dadlı yeməkləri ilə seçilən Kipr Yeni ili qarşılamaq üçün gözəl seçimlərdən biridir.


11. Nyu-york / Amerika

Dünyanın hər yerindən milyonlarla insan Yeni ili qeyd etmək üçün Nyu-York-u seçir. Nyu-Yorkda Yeni il gecəsini qeyd etməyin ünvanı Times Meydanıdır. Bir-birindən əyləncəli tədbirlərin keçirildiyi, konsertlərin verildiyi meydan işıqlarla bəzədilir. Burada yeni il gecəsi dünya şöhrətli sənətçilər konsert proqramı ilə çıxış edirlər. Ötən ilki Yeni il gecəsinə Justin Biber, Lady Gaga, Eminem və Miley Cyrus kimi məşhurlar qatılmışdı. Həm də havadan məşhur işıqla örtülü yeni il topunun düşməsi insanlara bir başqa sevinc bəxş edir. Bir sözlə Yeni il əyləncəsi burada olduqca rəngli və dinamikdir.


12. Bolonya / İtaliya

Son olaraq fərqli bir Yeni il keçirmək istəyirsinizsə, Bolonyanı məsləhət görürük. Burada yeni il gecəsini keçirə biləcəyiniz müxtəlif yarışmalar və tədbirlər təşkil edilir. Bunlardan biri də Fat Ox adlanan yarışdır. Yarışmada qalib gələn şəxs şəhərdə gəzən öküzün sahibi olur. Amma diqqətli olmalısınız, əgər bu yarışda qalib olub mükafat qazansanız, öküzü Azərbaycana necə gətirəcəyinizi də nəzərdən qaçırmayın.​





Loading